Aşıq yol qəzasında öldü
Hadisə Sədərək Ticarət Mərkəzinin yaxınlığında baş verib
30 Yanvar 2013 16:38 KriminalTanınmış aşıq İslam Rzaoğlu bu gün avtomobil qəzasında dünyasını dəyişib. ANS PRESS-in "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, Şirvan aşıq məktəbinin nümayəndələrindən olan Aşıq İslam yanvarın 30-da yaşadığı Qobustan qəsəbəsinə gedərkən Sədərək Ticarət Mərkəzinin yaxınlığında idarəetməni itirib və şəxsi avtomobili yol kənarındakı dəmir dirəkləri qıraraq yolun kənarına aşıb.
Hadisə baş verən vaxt Aşıq İslamın avtomobildə tək olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb Aşıq İslamın yorğun olması və sükan arxasında yatması olub.
Qeyd edək ki, o, 1977-ci ildə Şirvanın məşhur aşıqlarından olan Aşıq Rza Qobustanlının ailəsində dünyaya gəlib. Uşaq yaşlarından aşıq kimi tanınan İslamın bir çox müsabiqələrin qalibi olduğu bildirilir.