Jurnalisti qətlə yetirən general ömürlük həbs cəzası aldı
29 Yanvar 2013 18:17 KriminalKiyevin Peçyora Rayon Məhkəməsi yanvarın 29-da Daxili İşlər Nazirliyinin sabiq departament rəisi və keçmiş general Aleksey Pukaçı jurnalist Georgi Qonqadzenin qətlində təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. Aleksey Pukaç məhkəməyə ifadəsində reportyoru boğduğunu və sonra onun başını kəsdiyini etiraf edib. Sabiq general ifadəsində iddia edib ki, Qonqadzeni yalnız qorxutmaq istəyib, amma kəmər jurnalistin boynunda təsadüfən dartılıb.
Qonqadze Kuçmanın prezidentliyi dövründə (1994-2005) rejimə müxalifətdə duran "Ukrainskaya pravda" internet qəzetinin redaktoru olub. O, 2000-ci ildə öldürülüb. Pukaç 2009-cu ildə həbs olunub. Ukrayna Baş Prokurorluğu müəyyənləşdirib ki, qətli Pukaç və daha üç milis zabiti həyata keçirib. Onlar bunu daxili işlər naziri Yuri Kravçenkonun tapşırığı ilə ediblər. Kuçmanın prezidentliyi dövründə onun mühafizəçisi olmuş Nikolay Melniçenko qətl sifarişinin dövlət başçı Leonid Kuçmadan və Ukrayna Ali Radasının sabiq sədri Vladimir Litvindən gəldiyini iddia edir. Kuçma və Litvin isə jurnalistin qətlində əlləri olmadıqlarını deyirlər.