Rüşvətxor məmurlara hökm oxundu
29 Yanvar 2013 17:51 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinin direktoru Bariz Mehdizadə, həmin şöbənin əməkdaşları Əli Məmmədli, Mehman Əsədov, İsgəndər Nadirov, Anar Muradov, Hacı Rəhimov, Mirələm Səmədov, Qəfər Əsgərov, Həmzə Əkbərovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Bariz Mehdizadə 10 il, Əli Məmmədli 9 il 6 ay, İsgəndər Nadirov 10 il, Anar Muradov 8 il 6 ay, Qəfər Əsgərov 9 il, Mehman Əsədov 8 il 6 ay, Hacı Rəhimov 9 və Mirələm Səmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmzə Əkbərov isə 8 il 6 ay müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Bariz Mehdizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinin direktoru vəzifəsində işləyərkən həmin şöbənin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan cinayət əlaqəsinə girib. Onlar həmin şöbədən müavinət almaq istəyən şəxslərin pullarını mənimsəyiblər.