Həbsxanada heroin alveri edən məhbuslara hökm oxundu
28 Yanvar 2013 17:32 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində 11 saylı cəzaçəkmə müəssisəsində narkotika alveri ilə məşğul olmaqda təqsirləndirilən və hazırda həmin həbsxanada cəza çəkən 39 yaşlı məhkum Bağırov Vaqif Alekseyeviçin və Teymurov Zaur Tahir oğlunun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Bağırov 9 il, Zaur Teymurov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Penitensiar Xidmətin ötən ilin oktyabrın 21-də həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən V.Bağırova məxsus mətbəx otağında yerləşən ərzaq saxlanması üçün nəzərdə tutulmuş dolabçadan, "Nescafe klassik" kofe qutusunun içərisindən qara coraba bükülmüş 34,743 q çəkidə narkotik maddə olan heroin aşkar edilərək götürülüb. İstintaq zamanı Vaqif Bağırovun həbsxana yoldaşı Zaur Teymurovla əlbir olması məlum olub.
Qeyd edək ki, V.Bağırov quldurluq etdiyi üçün 13 il, Z.Teymurov isə dələduzluq və saxta sənəd hazırlamaqda təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum ediliblərmiş.