Azərbaycanda cinayətkar dəstə ifşa olundu
Aparılan əməliyyat axtarış tədbirləri iki il ərzində yayınan oğruların bu dəfə yaxalanması ilə nəticələnib
28 Yanvar 2013 15:50 KriminalLənkəran polisi son 2 il ərzində şəhərin çayxana, mağaza və dükanlarına qənim kəsilən cinayətkar dəstəni zərərsizləşdirməyə nail olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 3 nəfərlik qrupun masallı və Astara rayonlarında iki, Lənkəranda isə 8 oğurluq hadisəsini törətdiyi məlum olsa da polis siyahının arta biləcəyini, digər oğuluq hadisələrində də üçlüyün əlinin olmasını istisna etmir. İki əmioğlu və bir kürəkəndən ibarət ailə üçlüyünün son oğuluq işi isə Lənkəran rayonunun Veravul kəndindəki marketə bu ilin yanvarın 9-da etdikləri oğurluq olub. Aparılan əməliyyat axtarış tədbirləri iki il ərzində yayınan oğruların bu dəfə yaxalanması ilə nəticələnib. Cinayətkar dəstənin oğurladıqları isə əsasən ərzaq məhsulları, elektrik və məişət avadanlıqları, maşın təkərləri, aksesuarları, danışıq kartları olub. Qənimətlər arasında həmçinin "VAZ-2106" markalı maşın, poçt şöbəsindəki kompütürlər, televizorlar da var.
İlkin istintaq vətəndaşlara 10 min manatdan artıq ziyan dəydiyini aşkara çıxarıb. Oğurlanmış mallar Rəşad Əliyevin yaşadığı evdə zirzəmidə gizlədilib. Bir qismi isə Bakıda satılıb.
Faktla bağlı Lənkəran şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrilə cinayət işi başlanıb.