Orqan qaçaqmalçılığının “beyni”nin saxlandığı təsdiqləndi

Qanunsuz orqan nəqli əməliyyatları Azərbaycanda da həyata keçirilib

İsrail polisi beynəlxalq orqan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin "beyni" sayılan Moşe Harelin İsraildə yaxalandığını təsdiq edib. Lent.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Moşe Harel keçən həftə saxlanılıb və haqqında 9 gün həbs qərarı çıxarılıb.  İsrail polisinin təmsilçisi Aleks Kaqalskiy deyib ki, 1950-ci ildə Ramle şəhərində anadan olan Moşe Harel və beynəlxalq orqan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin digər üzvləri ilə bağlı yaxın günlərdə növbəti məhkəmə prosesi təşkil olunacaq, onların taleyinə aydınlıq gələcək. Qeyd edək ki, Medikus işini Avropa Birliyinin Kosovadakı Ali Qanunvericilik və Hüquq Missiyası (EULEX) aparır. Kosovanın paytaxtı Priştinada yerləşən "Medicus" klinikasında orqan qaçaqmalçılığı və qanunsuz orqan köçürmələrinin həyata keçirildiyi 2008-ci ildə ortaya çıxıb. Moşe Harelin yaxalanması beynəlxalq aləmdə "Medicus prosesi" kimi məşhurlaşan məhkəmə prosesində dönüş nöqtəsi sayılır. Həmin il Moşe Harel saxlanılsa da, sonradan məhkəmə prosesi dövründə müvəqqəti azadlığa buraxılıb və o, bundan istifadə edərək Kosovadan qaçıb.  İttihamnaməyə görə, 2008-ci ildə "Medicus" klinikasında ən azı 30 qanunsuz böyrək köçürülməsi həyata keçirilib. Böyrək Türkiyə, Rusiya, Moldova və Qazaxıstandan gələn yoxsul insanlardan 15 min avro qarşılığında cərrahi yolla çıxarılıb, sonra daha yüksək qiymətə avropalı varlılara nəql edilib. Qanunsuz orqan nəqli əməliyyatları bir sıra ölkələrdə, o cümlədən Kosova və Azərbaycanda həyata keçirilib. İddianamədə qeyd olunur ki, Moşe Harel həm böyrəkləri alınan, həm də böyürək köçürülən insanları tapmaqla məşğul olub, cinayətkar şəbəkənin "beyni" funksiyasını yerinə yetirib.
Qeyd edək ki, mayın 22-də İsrail ərazisində "qara transplantasiya" ilə məşğul olan 10 ölkə vətəndaşı həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31