35 min dollar rüşvət vermək istəyən şəxslər tutulub

Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir: "Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsinə rüşvət təklif edilməsi barədə həmin qurumdan daxil olmuş məlumat Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.
Müəyyən edilib ki, Cəlilabad rayon sakinləri Dövlətov Nurəddin Novruz oğlu və onun qardaşı oğlu Dövlətov Seyfəddin Firudin oğlu qohumları olan Mərdalıyev Faiq Həsənağa oğlu, Dövlətov Zülfüqar Firudin oğlu və Mərdalıyev Əflatun Həsənağa oğlunun məsuliyyətdən kənarlaşdırılmasından ötrü Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsində istintaq aparan şəxsə rüşvət təklif ediblər.
22 yanvar 2013-cü ildə keçirilmiş əməliyyat tədbiri nəticəsində Nurəddin və Seyfəddin Dövlətovlar DSX-nın inzibati binasında cinayət işinin istintaqını aparan şəxsə 35 min ABŞ dolları məbləğində rüşvət təklif edərkən cinayət başında yaxalanıblar. Hər iki şəxs Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
Mərdalıyev Faiq Həsənağa oğlu, Dövlətov Zülfüqar Firudin oğlu və Mərdalıyev Əflatun Həsənağa oğlu Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31