Baş Prokurorluq uçqunla bağlı məlumat yaydı
24 Yanvar 2013 16:02 KriminalBaş Prokurorluq Bakıda avtodayanacağın tikintisi zamanı baş verən uçqunla bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə yanvarın 23-də saat 03.00 radələrində Bakı şəhəri, Nobel prospekti, 15 saylı ünvanda "Azure-Parkinq" şirkəti tərəfindən inşa edilən avtodayanacağın tikintisi zamanı daş hasarın uçması nəticəsində 1983-cü il təvəllüdlü Alıyev Firqət İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Dadaşov Samir Məhərrəm oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nicat Əlibala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bundan başqa, 1978-ci il təvəllüdlü Qurbanov Ələsgər Arif oğlu isə aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.
Xətai rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.