İsmayıllıda iğtişaşlar baş verdi

Saat 23-də başlayan kortəbii mitinqdə 5 mindən çox adam iştirak edib, qəzəblənmiş kütlə rayondakı bir neçə obyekt və maşınları yandırıb

Ötən axşam İsmayıllıda kütləvi iğtişaş başlayıb. ANS PRESS-in məlumatına görə, qarşıdurmaya səbəb olan hadisə ötən axşam saat 22.20 radələrində İsmayıllı şəhərinə girəcəkdə baş verib. Yüksək sürətlə hərəkət edən Chevrolet Camaro avtomobili şəhərə girişdəki yol ayırıcında dairəyə çırpılıb. Avtomobilin içindən bir neçə gənc çıxıb və hadisə yerinə yığılan yerli əhali onların arasında Emil və Vüqarı tanıyıblar. Bunlar yaxınlığda yerləşən "Çiraq" Motelinin meneceri ve onun dostları olub.

Şahidlərin məlumatına görə, bu otel İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova (əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı) məxsusdur.

Hadisə yerinə toplaşan əhalinin sözlərinə görə, yardın etmək məqsədi ilə toplaşan İsmayıllısakinləri motelin meneceri Emil tərəfindən qəzəblə qarşılanıb və o toplaşanları əxlaqsız və təhqiramiz söyüşlərlə təhgir edib.

Bu ifadələrə dözməyən bir sıra yerli sakin Emil ilə Vüqara etirazlarını bildirərək, onları sakit olmağa çağırıblar. Lakin buna cavab olaraq motel meneceri Emil toplaşanları "Makarov" tipli tapanca ilə hədələyib, yenidən təqqir edib. Sakinlərin dediyinə görə, ətrafdakılar silahlı və sərxoş adamların xətasından qorxub onları tərkisilah ediblər, Emil ilə Vüqarı döyüblər. Qışqırıq və söyüşlərə hadisə yerinə insanlar yığışmağa başlayıb. Döyülmüş və xəsarət almış motel meneceri və onun dostları hadisə yerindən qaçmağa müfəffəq olublar. ANS PRESS-in hadisə yerindəki əməkdaşlarının məlumatına görə, xəsarət alanlardan biri rayon xəstəxanasında, digərləri isə polis idarəsində sığınacaq tapıblar.

Qeyd edək ki, bəzi mətbuat orqanlarının yazdığı kimi hadisə yerində nazir Fizuli Ələkbərovun oğlu olmayıb.

Saat 23 radələrində İsmayıllı rayonunun girişindəki yolayrıcında yerləşən və Ələkbərovlar ailəsinin nazarətində olduğu bildirilən "Çıraq" moteli və onun həyətində yerləşən 3 maşın yandırılıb. Eyni zamanda motelinin meneceri Emilə məxsus Chevrolet Camaro avtomobilinə də od vurulub.

ANS PRESS-in hadisə yerindən verdiyi məlumata görə, motelin ətrafına yığışanların qəzəbi bununla soyumayıb və spontan yaranan mitinqdə yeni çağırışlar səslənib. Toplaşanlar "Ələkbərov qardaşları İsmayıllıdan rədd olsun!", "Onlar bütün İsmayıllını satın alıblar" və "Bu moteli tikərkən soyuqda küçəyə atdığınız 35 ailələrin ahı sizi tutdu" və s. kimi şuarlar səsləndirirdilər.

Polis qüvvələri ilə toplaşanlar arasında heç bir problem yaranmayıb. Əksinə polis əməkdaşları əsəbi kütləni sakitləşdirməyə çalışıb. Saat 23:10-da moteldəki yanğına müdaxilə etmək üçün FHN-in xüsusi maşınlarının gəlməsinə baxmayaraq, onlara yanğını söndürməyə imkan verilməyib.

Polis rəisi Nizami Qocayev vətəndaşları təmkinli olmağa dəvət etsə də, saat 00:00-da 5 mindən çox aksiya iştirakçısı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının əleyhinə şuarlar səsləndirə-səsləndirə Nizami Ələkbərovun evinə doğru hərəkət etməyə başlayıb.

Saat təxminən 00.25-də Nizami Ələkbərovun evi yandırılıb. Polisdən verilən məlumata görə, evdə heç kim olmayıb və bu səbəbdən ölən və xəsarət alan yoxdur.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, iğtişaşların baş verdiyi əraziyə İsmayıllı rayonunun və ətraf rayonların polis şöbələrinin qüvvələri cəlb edilib. İndiyədək polislə aksiya iştirakçıları arasında heç bir qarşıdurma baş verməyib.

Aksiya iştirakçılarının sözlərinə görə, onlar "Azərbaycan dövlətinə qarşı yox, Ələkbərov qardaşlarına qarşı etiraz edirlər və onların İsmayıllı rayonunu tərk etməsini tələb edillər".

Toplaşanların etirazı həm də rayonda biznes mühitinin tam şəkildə icra başçısının əlində cəmləşməsinə və insanların mülklərinin qanunsuz şəkildə əllərindən alınmasına qarşı yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31