Anasının məşuqunu qətlə yetirənin cəzası yüngülləşmədi

Şirvan Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinən 16 yaşlı Elvin Qasımovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti və dövlət ittihamçısının cəzanın ağırlaşdırılması ilə əlaqədar verdiyi apelyasiya protesti təmin edilməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinən Elvin Qasımov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Elvin Qasımov keçən il fevralın 23-də Beyləqan rayonunun Mil kəndində 32 yaşlı Qadir Orucovu qətlə yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhum Qadir Orucov Elvin Qasımovun anası ilə qeyri-rəsmi görüşüb. Elvin anasından dəfələrlə Qadir Orucovla görüşməməyi tələb etsə də anası buna əhəmiyyət verməyib. Hadisə günü evə gələn E.Qasımov anasının çarpayısında Qadir Orucovun yatdığını görüb. Bundan əsəbiləşən E.Qasımov mətbəxdən götürdüyü bıçaqla  Q.Orucova yatdığı yerdə çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra qanlı bıçaqla polis şöbəsinə gedərək təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31