Evləri qarət edən oğru 10 il həbsə göndərildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilərək həbs olunan Cəfərov Zakir Bəxtiyar oğlunun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə oğurluq əməlində təqsirli bilinən Zakir Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, əvvəllər məhkumluq həyatı yaşayan Zakir Cəfərov 2011-2012-ci illər ərzində 11 ev qarət edib. Mənzillərə qapını sındırmaq və pəncərəni qırmaq üsulu ilə daxil olan Zakir evlərdə olan qızıl zinət, nağd pul və məişət əşyalarını oğurlayıb. Z.Cəfərovun əməlindən Lənkəran şəhər sakinləri Abbasova Afət, Seyfullayev Bəxtiyar, Nəcəfov İltifat, Məhərrəmov Muxtar, Həbibov Rəfi, Həsənov Həsən, Qasımov Elmar, Cəfərov Bəkir, Şahmarov Ramal, Hüseynov Fuad, İsayev Vaqif ziyan görüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31