Ötən il 298 korrupsioner şəxs barədə cinayət işi məhkəməyə göndərilib
23 Yanvar 2013 12:58 Kriminal2012-ci il ərzində Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. "OLAYLAR"ın məlumatına görə, bu barədə idarə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə hesabat dövrü ərzində korrupsiya cinayətlərinin ən təhlükəli formalarından olan passiv rüşvətxorluq (rüşvət alma) ilə istintaq olunan cinayət işlərinin sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da istintaq və əməliyyat qurumlarının səmərəli fəaliyyətinin birbaşa nəticəsidir. Məhkəmələrə göndərilmiş cinayət işlərindən 52 şəxs barəsində 32 iş rüşvət alma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarla əlaqədar olub: "2012-ci il ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat və ya 49,82% ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb."