2012-ci ildə rüşvət alan şəxslər barədə 29 cinayət işi başlanıb

2012-ci ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat şöbəsi tərəfindən 369 müraciət araşdırılıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Qeyd olunan cinayət işlərindən 23-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: "Həmin işlər arasında torpaq sahəsi ayrılması üçün Bakı şəhəri, Binə qəsəbə bələdiyyəsinin sədri və onun müavininin 4.500 manat, hesablanmış cərimənin silinməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə dövlət əmək müfəttişliyinin rəis müavininin 1.500 manat, vətəndaşın 2-ci ali təhsil almaq üçün universitetə qəbul edilməsi məqsədilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliminin 40.000 manat, həmçinin Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində vətəndaşı cinayət məsuliyyətindən azad etmək üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkilinin 1.500 ABŞ dolları rüşvət almaları faktı ilə əlaqədar işlər də olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31