Deputatların qəzası necə baş verib? - AÇIQLAMA

Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadənin sürücüsünün bu gün törətdiyi qəza ilə bağlı millət vəkili ilə bir yerdə avtomobildə olan həmkarı Elman Məmmədov "Qafqazinfo"ya açıqlama verib. Elman Məmmədov deyib ki, onlar səhər çağı Goranboy rayonunun Ağcəkənd kəndi istiqamətində hərəkət edirmişlər, oradan isə Ağdama gedəcəkmişlər. Səfərin məqsədi müəyyən tədbirlərdə iştirak etmək olub.
Deputat deyib ki, o, Aydın Mirzəzadə ilə avtomobilin arxa oturacağında oturub. Avtomobili isə Aydın Mirzəzadənin sürücüsü idarə edib. Gözlənilmədən yol qəzası baş verib.
E. Məmmədov qeyd edib ki, hadisə zamanı onlar xəsarət almayıblar, lakin baş verən qəza ölümlə nəticələnib. Qəzada həlak olanın kimliyi haqqında isə deputat məlumatsız olduğunu əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31