Orqan qaçaqmalçılığının “beyni” yaxalandı

Beynəlxalq orqan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin "beyni" sayılan Moşe Harel İsraildə yaxalanıb.  Lent.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Avropa Birliyinin xüsusi səlahiyyətli prokuroru Conatan Ratel bununla bağlı İsrail tərəfdən rəsmi təsdiq gözlədiklərini söyləyib.  Bu, beynəlxalq aləmdə "Medicus prosesi" kimi məşhurlaşan məhkəmə prosesində dönüş nöqtəsi sayılır. Kosovanın paytaxtı Priştinada yerləşən Medicus klinikasında orqan qaçaqmalçılığı və qanunsuz orqan köçürmələrinin həyata keçirildiyi 2008-ci ildə ortaya çıxıb. Həmin il Moşe Harel saxlanılsa da, sonradan məhkəmə prosesi dövründə müvəqqəti azadlığa buraxılıb və o, bundan istifadə edərək Kosovadan qaçıb.  İddianaməyə görə, 2008-ci ildə Medicus klinikasında ən ahı 30 qanunsuz böyrək köçürülməsi həyata keçirilib. Böyrək Şərqi Avropa və Orta Asiyadan gələn yoxsul insanlardan 15 min avro qarşılığında cərrahi yolla çıxarılıb, sonra daha yüksək qiymətə avropalı varlılara nəql edilib. İddianamədə qeyd olunur ki, Moşe Harel həm böyrəkləri alınan, həm də böyürək köçürülən insanları tapmaqla məşğul olub, cinayətkar şəbəkənin "beyni" funksiyasını yerinə yetirib.
Qeyd edək ki, mayın 22-də İsrail ərazisində "qara transplantasiya" ilə məşğul olan 10 ölkə vətəndaşı həbs olunub. Polis saxlanan qrupun üzvlərinin əsasən Kosova və Azərbaycanda fəaliyyət göstərdiyini müəyyənləşdirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31