7 manata görə 75 yaşlı qadını öldürənin cəzası yüngülləşdirilmədi
21 Yanvar 2013 17:39 KriminalBakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilərək həbs olunan 25 yaşlı Natiq Əli oğlu Hümbətovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilən Natiq Hümbətovun apelyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
İttihama görə, N.Hümbətov fevralın 17-də qarət məqsədi ilə qonşusu olan 75 yaşlı E.İsmayılovanın mənzilinə daxil olub. Əvvəlcədən yaşlı qadını öldürməyi planlaşdıran Natiq özü ilə neft də götürüb. O, qadını yaşadığı evin mətbəxində öldürüb. Sonra evdə pul axtarsa da cəmi 7 manat tapıb. O, izi itirmək məqsədi ilə mənzili özü ilə gətirdiyi neftlə yandırıb. Evi yandırandan sonra N.Hümbətov hadisə yerindən qaçıb.
Xatırladaq ki, qətlə yetirilən Elmira İsmayılova BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri olmuş Fuad Hüseynovun anasıdır.