Ucarda jurnalistin üzünə duran yalançı şahidə də cinayət işi başlandı
“Kurtlar Vadisi”nin yalançı şahidi Akif Cəfərov özünə xəsarət yetirdiyini etiraf etdi
21 Yanvar 2013 17:12 KriminalBir müddət əvvəl Ucar rayonunda "Kurtlar Vadisi" adlı qruplaşma tərəfindən şərlənərək həbs olunduğu iddia edilən müstəqil jurnalist və hüquq müdafiəçisi Fuad Hüseynovun həbs olunmasında zərərçəkmiş kimi tanınan,Ucar rayonu M. Ə. Rəsulzadə küçəsi ev 26 ünvanında yaşayan Cəfərov Akif Cəmşid oğlu mətbuatdan yardım istəyir. Akif Cəfərov bu barədə redaksiyamıza müraciət edərək həqiqətən də Fuad Hüseynov tərəfindən zərər çəkmədiyini təsdiqləyir. Müraciət sahibi bildirir ki, o sifarişlə özü-özünə qəsd edib və Fuad Hüseynovun üzünə durub. Müraciətdə deyilir: " Mən, Ucar rayonunda hüquq mühafizə orqanlarının "Kurtlar vadisi" adlı yaratdıqlarrı mafioz, cinayətkar dəstənin qondarma ittihamla şərləyərək həbs etdikləri müstəqil jurnalist və hüquq müdafiəçisi Fuad Hüseynovun cinayət işi üzrə yalançı zərərçəkmiş şəxsəm. Dəfələrlə mətbuatda çıxış edib göstərmişəm ki, Azad Hüseynov və mən sifarişlə özümüzə Ucar rayonun Gəraybəyli kənd qəbiristanlığında bıçaqla xəsarət yetirib, bunu Fuad Hüseynovun etməsi barədə yalandan şikayət vermişik. Ucar rayon və Şirvan Apellyasiya məhkəməsində də bu barədə etiraf ifadəsi vermişəm, həmçinin audio yazılar, video çəkilişlər olan disklər təqdim etmişəm. Bu faktları təsdiq edən şahidlər də dindirilib, bütün sübutlarımızın mötəbərliyi təsdiq olunub".
Yalançı şahidin doğru etirafı
Akif Cəfərov deyir ki, ittihamın qondarma olması, Fuad Hüseynovun təqsirsiz olması və şərlənərək girov götürülməsi təsdiq olunub. Şirvan Apellyasiya Məhkəməsi bu halları araşdırıb həqiqəti tamlıqla üzə çıxarsa da, sonunda Ucar rayon məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmünü qüvvədə saxlayıb: Akif Cəfərov bildirib ki, üzünə durub qondarma ittihamlarla Fuad Hüseynovu həbs etdirməsi sonradan ona baha başa gəlib. Bir müddətdən sonra onun özünə cinayət işi başlanıb. Şirvan Apellyasiya Məhkəməsi 12 dekabr 2012-ci ildə Ucar rayon məhkəməsinin hökmünü qüvvədə saxlamaqla yanaşı Akif Cəfərov barəsində də konkret maddə ilə cinayət işi başlayıb. Məlum olub ki, yalandan Fuad Hüseynovun üzünə duran şəxs özünə xəsarət yetirib: "Buna görə də barəmdə Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) və 297-ci(bilə-bilə yalan ifadə vermə,yalan rəy vermə və ya yalan tərcümə etmə) maddələrilə cinayət işinin başlanmasına dair xüsusi qərar da çıxarılıb. Guya mən Fuad Hüseynovun bizə bıçaqla vuraraq xəsarət yetirməməsini və özümüz-özümüzə xəsarət yetirməyimizi yalan demişəm, ittiham da qondarma deyil. Bu da "ədalət mühakiməsi". Mən yalan heç nə demirəm, əgər deyirəmsə Allah mənim bəlamı versin, yoxsa bu qondarma ittihamı sifariş edənlərin və müdafiə edən məhkəmələrin bəlasını versin". Akif Cəfərov bildirir ki, həqiqətən də Fuad Hüseynovun təqsiri yoxdur və o,vətəndaşların hüquqlaını müdafiə etdiyi üçün "Kurtlar vadisi" adlı cinayətkar dəstənin qanunsuz əməllərini mətbuatda ictimailləşdirib ifşa etdiyi üçün həbs olunub. "Kurtlar Vadisi"nin üzvləri isə onu bizim əlimizlə şərləyib həbs edib. Əgər Fuadın barəsində olan qondarma cinayət işi üzrə qondarma ittihamı təsdiq edən mötəbər sübut varsa buyursunlar ortaya qoysunlar. Əgər sübutları yoxdursa, belə girov saxlamanın cavabını kim verməlidir"?
"Kurtlar Vadisi"ndən gələn sifarişin audio yazısı üzə çıxdı
Akif Cəfərov müraciətində daha bir fakt açıqlayıb. Onun sözlərinə görə, Fuad Hüseynova qarşı ifadə verməsi barədə ona edilən zənglərin audio yazılarını da saxlayıb. Müraciət sahibi həmin faktları audiosəs variantında saxlayıb və hüquq mühafizə orqanlarına təqdim etməyə hazır olduğunu deyir: "Ucar rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun mənə zəng edərək Fuadın əleyhinə yalan ifadə verməyə məcbur etməsini təsdiq edən audio səs yazısı var. Bu biabırçılıqdır, onlar öz eyiblərinə kor olmaq əvəzinə, həyasızlıq edərək pis əməllərindən çəkinmirlər".
Akif Cəfərov deyir ki, o Məhkəmənin çıxardığı qərardan kassasiya şikayəti verəcək: "Çünki mənə başlanmış cinayət işi ilə mafozların əlinə ciddi fürsət keçib ki, mənə işgəncələr verərək Fuadın qondarma ittihamına qarşı getməkdən çəkindirsinlər, həm də həbsə atmaqla digər cinayətlərini ört-basdır etmiş olsunlar".
Akif Cəfərov: Mən yalançıyam"
Sonda müraciət sahibi yalançılığını da etiraf edir: "Mən yalançı zərərçəkmiş Cəfərov Akif Cəmşid oğlu ölkə prezidenti cənab İlham Əliyevdən cinayətkar dəstənin cəzalanmasını və şərlənərək həbs edilmiş Hüseynov Fuad Oktay oğlunun tezliklə azad olunmasını xahiş edirəm.
Qeyd edək ki, həmin cinayətkar dəstənin qurbanlarından biri də keçmiş məhbus Taleh Xasməmmədov olmuşdur ki, o prezidentin 26 dekabr 2012-ci il tarixli əfv sərəncamı ilə azadlığa buraxılıb. Fuad Hüseynov isə 14 sentyabr 2010-cu il tarixdən qanunsuz həbsə alınıb. Ucar rayon məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdi.
Samir Əli