Sumqayıtda qətl törədən şəxsə hökm oxunub
15 Yanvar 2013 17:11 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 40 yaşlı Ceyhun Camalovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Ceyhun Camalov qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, narkotik maddə istifadəçisi olan Ceyhun heroin əldə etmək üçün tanışı Namiq Səfərəliyevə 30 manat verib. Lakin N.Səfərəliyev heroini ona çatdırmayıb.
2011-ci ilin iyun ayının 8-də axşam saat 10 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində kafedən çıxan Ceyhun Camalov evə gedərkən yolda Namiq Səfərəliyevlə rastlaşıb. Namiqə yaxınlaşan Ceyhun ona verdiyi sözün üstündə durmamasını irad edib. Bu səbəbdən tanışlar arasında mübahisə yaranıb.
Nəticədə C.Camalov heç bir əsaslı səbəb olmadan N.Səfərəliyevə kürək nahiyəsindən 2 bıçaq zərbəsi vuraraq, həmçinin boynunun arteriya damarını kəsərək onu qətlə yetirib.