Bakıda qətl törədən şəxsin məhkəməsi başlayıb

Ağır Cinayətlər Məhkəməsində Bakıda adam öldürməkdə təqsirli bilinən 21 yaşlı Məmmədov Fuad Allahverdi oğlunun məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub və təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. Bildirib ki, o özünü müdafiə üçün qətl törədib.
İttihama görə, F.Məmmədov ötən ilin martın 15-də Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində İlqar Ellazovu başına daşla vuraraq qətlə yetirib. Tərəflər arasında qəsəbənin İsmayılbəy Səfərəlibəyov küçəsində yaranan əlbəyaxa dava zamanı İlqar Ellazov Fuadın üstünə bıçaq çıxarıb. Fuad isə bıçağın qarşılığında yerdən götürdüyü daşla müdafiə olunmağa çalışıb. Əlbəyaxa dava zamanı Fuad Məmmədov əlindəki daş parçası ilə İlqar Ellazovun baş nahiyəsinə bir neçə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törətdikdən sonra Fuad Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gələrək təslim olub.
Hadisəyə səbəb tərəflər arasında olan şəxsi münaqişə olub. 2011-ci ildə Fuadla İlqarın arasında toy məclislərinin birində anlaşılmazlıq baş verib. İlqar Ellazov isə bunun əvəzini çıxmaq üçün məqam axtarmağa başlayıb. 2011-ci ilin oktyabrın 3-ü saat 7 radələrində İlqar Fuada yaxınlaşaraq əlindəki ülgüclə onun üzünü cızıb.
Bu hadisədən sonra bir müddət polis tərəfindən saxlanılan İ.Ellazov azadlığa çıxıb. Bundan sonra tərəflər arasında olan münaqişə daha da böyüyərək qətllə nəticələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31