Bakının mərkəzində partlayış təhlükəsi
Səbaildə tikinti yerindən mina tapıldı
9 Yanvar 2013 16:38 Kriminal"Bakının mərkəzində tikinti aparılan ərazidən mina tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda təmir-tikinti işləri aparılan ərazidə partlayış təhlükəli əşya aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşların təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılmasını təmin etmişlər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış əşyaya baxış keçirərəkən müəyyən olunub ki, bu, 1 ədəd 100 millimetrlik tank mərmisidir. Mərmi zərərsizləşdirilmək üçün Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən götürülüb. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri xüsusi təlim keçmiş itlərlə əraziyə baxış keçirib. Nəticədə, həmin ərazidə digər partlayış təhlükəli əşya aşkar olunmayıb. Əməliyyat saat 13:45-də başa çatıb.