Sahibkarın evinə basqın edən dəstəyə 70 il cəza verildi
8 Yanvar 2013 17:00 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində silahlı basqın etməkdə təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvlərinə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Nicat Səfərov 10 il 6 ay, Emin Ağayev 10 il 6 ay, Osman Yaqubzadə 10 il 6 ay, Kəmaləddin Quliyev 10 il 6 ay, Azər Rəhimov 11 il, Məhəmməd İsmayılov 10 il 6 ay, Ədalət Yaqubov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Abşeron rayonunda yaşayan "Səba-broyler" müəssisəsinin məhsullarının satışını həyata keçirən Rasim Cəfərquliyev Daxili İşlər Nazirliyinin "102" xidməti ilə əlaqə saxlayaraq evinə silahlı basqın edilməsi barədə məlumat verib.
Abşeron rayon Polis Şöbəsində yaradılan əməliyyat istintaq qrupu ilk olaraq bir zamanlar zərərçəkənin yanında işləyən və ona 9200 manat borcu olan, əvvəllər məhkumluq həyatı yaşamış Azər Rəhimovu, daha sonra dəstənin digər üzvləri Xocahəsən kəndində yaşayan M.İsmayılov, N.Səfərov, K.Quliyev, Ə.Yaqubov və R.Yaqubovu yaxalayıb.
Məlum olub ki, dəstə başçısı A.Rəhimov R.Cəfərquliyevə olan borcunu ödəmək üçün onun evinə basqın planı hazırlayıb. Bunun üçün tanışlarına evdə 50 min manat pul olduğunu deyib. Dəstə üzvləri cinayəti törətmək üçün "Range Rover" markalı avtomobil də kirayələyiblər. Evə basqın edən dəstə üzvləri orada olanların əl-qolunu bağlayaraq pul tələb ediblər. Evdə Azər Rəhimovun dediyi kimi 50 min deyil, 10 min manat pul çıxıb. Pulu götürən dostlar hadisə yerindən qaçıblar.