Baş direktor qardaşı uşaqlarının güllələnməsindən danışdı
“Əgər onlarda da silah olsaydı, qarşı tərəf də xəsarət alardı”
7 Yanvar 2013 18:08 Kriminal"Bakıda iki qrup arasında silahlı atışma olması barədə məlumatlar doğru deyil. Əgər atışma olsaydı, o zaman bu tərəf də digər tərəfə silahla hansısa xəsarət yetirərdi. Bu barədə yayılan ilkin informasiyalar həqiqətə uyğun deyil".
Bunu AzNews.az-a açıqlamasında hadisədə adı hallandırılan Sadiq və Tahir Musayev qardaşlarının əmisi, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib.
Ş.Musayevin sözlərinə görə, qardaşı övladlarının vəziyyəti normaldır: "Mən özüm xəstəyəm, evlə maraqlanmışam bildiriblər ki, uşaqların vəziyyəti yaxşıdır. Yəqin ki, digər məsələlərə də hüquq-mühafizə orqanları aydınlıq gətirəcək. Ancaq onu deyə bilərəm ki, 2 qrup arasında atışma olmayıb. Uşaqlara hücum ediblər. Əgər onlarda da silah olsaydı, qarşı tərəf də xəsarət alardı. Yəni atışma olmayıb. Məndə olan məlumata görə, artıq hadisə ilə bağlı iki nəfər saxlanılıb. İnformasiyalarda bildirdi ki, guya, Tahir də xəsarət alıb, amma belə deyil. Yəqin ki, istintaq kimin günahkar olduğunu aydınlaşdıracaq".
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə isə, yanvarın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində, qəsəbə sakinləri Əsəd Əliyev, onun oğlu Məhəmməd və qardaşı Seymur münaqişə zəminində Bakı şəhər sakinləri Elçin Əliyevə və Sadiq Musayevə tapançadan, Elxan Bayramzadəyə isə bıçaqla xəsarət yetiriblər. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
E.Bayramzadə və E.Əliyev orada ölüb, S.Musayevin vəziyyəti isə qənaətbəxşdir. Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əliyev və M.Əliyev tutulub, hadisə törədilərkən istifadə edilmiş 1 ədəd "Makarov" tipli tapança və bıçaq onlardan götürülüb, Seymurun tutulması üçün tədbirlər davam etdirilir.