İş adamının oğurlanmış pulu nəyə xərcləndi? - TƏFƏRRÜAT
7 Yanvar 2013 14:06 KriminalÖtən ilin son günlərində baş verən cinayətin üstünü polis 10 gün sonra açıb. Ağcabədi rayonunda iş adamına qarşı cinayət törədilib. Ötən ilin son günlərində baş verən cinayətin üstünü polis 10 gün sonra açıb. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2012-ci il dekabrın 26-da Sabir Heydərova məxsus "Niva" markalı avtomobildən içərisində 26.000 manat pul olan çanta oğurlanıb. Oğurluqda şübhəli bilinən Hindarx qəsəbə sakinləri Ramin Səbbaqi, Zamiq Quliyev və Yüsif Cəfərov tutulublar.
Ağcabədi Rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli Milli.Az-a açıqlamasında bildirdi ki, dəstə üzvləri sahibkar S.Heydərova qarşı planlarını həyata keçirmək üçün əvvəlcədən hazırlaşıb və onu güdüblər. Dəstə üzvlərindən biri onun rəhbəri olduğu mağazadan çıxmasını gözləyib, sonra isə digərlərinə məlumat verib. Mağaza sahibi pulu maşınına qoyaraq evinə girən zaman onlar pulu oğurlayıblar.
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri həbs ediliblər.
Oğurlanmış pulun 14 000 manatı dəstə üzvlərindən götürülüb. Pulun bir hissəsinə isə 30 qutu narkotik maddə alınıb. Həmin narkotik də dəstə üzvlərindən birinin yaşadığı evin həyətində basdırılan yerdən çıxarılıb.
Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılrır.