“Sevinc Babayevanın nədən öldüyünü demək tezdir” - Prokuror - YENİLƏNİB
“Prokurorluq onun ölümünün dəqiq səbəbini açıqlayacaq”
28 Dekabr 2012 15:03 Kriminal"Biz dünyasını dəyişmiş azərbaycanlı qadının üzərində ilkin müayinə və baxış apardıq. Bu prosesdə Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və mərhumun qohumlarından biri iştirak etdi". Bunu APA-nın hazırda "Medicana İnternational" xəstəxanasında olan Türkiyə müxbirinə İstanbulun Böyük Çəkməcə rayonunun prokuroru Fuad Arı deyib.
Prokuror bildirib ki, ilkin baxış zamanı ölən qadının Azərbaycan vətəndaşı Sevinc Babayeva olduğu müəyyənləşib. Lakin xəstəxanaya müraciət edən zaman onun üzərində hər hansı sənəd olmayıb.
Prokuror bildirib ki, hələlik xəstənin ölüm səbəbi bəlli deyil: "Həkimlərin verdiyi məlumata görə, o, uzun müddət ürək xəstəsi olub, ürək ağrılarından və spazmalardan əziyyət çəkib. Lakin onun məhz bu xəstəlikdən öldüyünü demək hələlik tezdir".
F. Arı qeyd edib ki, S. Babayevanın cənazəsi sabah İstanbulda ədliyyə tibb ekspertizasında müayinə olunacaq: "Yalnız bundan sonra prokurorluq onun ölümünün dəqiq səbəbini açıqlayacaq".
Prokuror S. Babayevanın Türkiyədə harada yaşadığı, bu ölkəyə necə daxil olduğu barədə sualların da araşdırılacağını qeyd edib.
Xəstəxanadan isə APA-nın Türkiyə müxbirinə bildirilib ki, S. Babayeva dünən ürək tutması ilə xəstəxanaya müraciət edib: "Xəstə deyib ki, əvvəlcə başqa xəstəxanaya müraciət edib, amma orada onu qəbul etməyiblər. Təcili olaraq bura gəldi və bir az sonra ürək tutmasından dünyasını dəyişdi".
APA-nın müxbirinin məlumatına görə, hazırda S. Babayevanın oğlu Ayxan Məmmədov da xəstəxanadadır. Mərhumun meyitinə baxış keçirilməsi prosesində iştirak edən qohumu da məhz o olub.
Qeyd edək ki, hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və konsulluğun digər əməkdaşları da xəstəxanadadırlar.
***
"Sabah Sevinc Babayevanın meyiti yarılacaq, ölümünün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək". Bunu isə Trend-ə Azərbaycanın İstianbuldakı Baş konsulu Həsən Zeynalov deyib. Zeynalov bildirib ki, onun cəzanəsi Bakıya sabah göndəriləcək.
Baş konsul qeyd edib ki, Babayevanın oğlu və ailə üzvləri İstanbulda xəstəxanadadırlar.