Narkobanda ələ keçdi
MTN-nin əməliyyatı baş tutdu
27 Dekabr 2012 14:41 KriminalMilli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilmiş, onlardan ümumilikdə 20 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Şahverdiyev Baba Zakir oğlu, Əliyev Ceyhun Firudin oğlu, Şıxəliyev Nurəli Əliabbas oğlu, Həsənov İlham Sumbat oğlu, Bayramov Elşən Güloğlan oğlu və Heydərova Günel Rəhim qızı saxlanılmışlar. Məlum olmuşdur ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyası istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycan Respublikasına gətirmişlər.
Müəyyən edilmişdir ki, Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov, Günel Heydərova və qeyriləri cinayət əlaqəsinə girərək Rusiya Federasiyasının Moskva şəhərində külli miqdarda narkotik vasitə olan 125,46 qram kokain və sintetik narkotik vasitə olan 72,83 qram metadon əldə etmişlər. Qrupun üzvləri həmin narkotik vasitələri "DVD player"in içərisində gizlədib "Moskva-Bakı-Moskva" reysi üzrə hərəkət edən "İkarus" markalı avtobusla "Samur" gömrük məntəqəsindən gizli keçirərək Bakı şəhərinə gətirərkən cinayət başında yaxalanmışlar.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Məhərrəmov Dövlət Hüseyn oğlu saxlanılmışdır. Müəyyən edilmişdir ki, Dövlət Məhərrəmov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Şəhram adlı vətəndaşı və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni İran istiqamətindən qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətirmişlər.
Məlum olmuşdur ki, dekabr ayının ortalarında Dövlət Məhərrəmov İran İslam Respublikasının Astara şəhərinə getmiş və orada tanışı Şəhram adlı iranlı ilə külli miqdarda narkotik vasitənin qaçaq yolla Azərbaycana gətirilməsi barədə razılaşmışlar. Şəhram adlı iranlı həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının Astara rayonunun Telmən kəndinin ərazisinə keçirmiş və əvvəlcədən müəyyən edilmiş yerdə gizlətmişdir. Dövlət Məhərrəmov həmin gizli yerdən içərisində külli miqdarda narkotik vasitənin olduğu bağlmanı götürərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Keçirilmiş baxış zamanı həmin bağlamanın içərisindən 19 kiloqram 278,71 qram həşiş qətranı aşkar edilərək götürülmüşdür.
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir. ("OLAYLAR"İA)