Bakıda saxta polislərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirildi
26 Dekabr 2012 12:45 KriminalBakıda vətəndaşdan hədə yolu ilə pul almaq istəyən saxta polislər yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 21-də baş verib. Abşeron rayon sakini Fazil Verdiyev Qaradağ RPİ 10-cu PB-nə müraciət edərək, dekabr ayının 20-də, Lökbatan qəsəbəsi ərazisində özlərini polis əməkdaşları kimi təqdim etmiş 4 naməlum şəxsin ona məxsus "Hyundai" markalı avtomaşına oturub, avtomaşında narkotik vasitə tapmalarını bildirərək buraxılması müqabilində 5000 manat pul istəmələri, ondan 1600 manat pul aldıqdan sonra düşürüb, avtomaşında getmələrini bildirib. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Xırdalan şəhər sakinləri Tərlan Yahyayev, Anar Məmmədov, Bakı şəhər sakinləri Elnur İsayev, Gülnaz Bayramova, Elxan Hacıyev və Elşən Ramazanov tutulub.