Azərbaycanda dəm qazından 450 nəfər zəhərlənib

Azərbaycanda dəm qazından zəhərlənmə hallarının çoxu hamamda baş verir.  Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bazar ertəsi Trend-ə bildirib ki, dünən xəstəxanaya 7, bu gün isə 6 nəfər gətirilib. Ümumilikdə bu il dəm qazından zəhərlənmə ilə bağlı mərkəzə 450 nəfərdən çox xəstə gətirilib. Zəhərlənmə hallarının çoxu yanvar-mart və noyabr-dekabr aylarında baş verib. Maqsudov bildirib ki, dəm qazından zəhərlənmələrin sayı ötən illə müqayisədə artıb. 2011-ci ildə mərkəzə 356 nəfər dəm qazından zəhərlənmiş xəstə gətirilmişdi. Maqsudov deyib ki, mərkəzə alkoqol sərxoşluğuna görə il ərzində 100-150 nəfər gətirilir. "Alkoloq sərxoşluğu zəhərlənmə deyil. Ancaq onda zəhərlənmənin əlavə təsirləri baş verir. Həmin şəxslərin səhhəti içkinin və soyuq havanın təsirindən pisləşir. Belə insanlara yardım göstərildikdən sonra evə buraxılır", - toksikoloq əlavə edib.
Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi də hamamda dəm qazından zəhərlənmələrin baş verməsini xüsusi tüstü borularının olmaması ilə izah edir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31