Bakıya bomba həyəcanı yaşadan qadının cəzası iki dəfə yüngülləşdirildi

Aybəniz Əliyevanın cəzası 10,6 ildən 5 ilə endirildi

Bakı Apellyasiya Məhkəməsində terror barədə yalan məlumat verməkdə ittiham olunan Bakı şəhər sakini Aybəniz Əliyevanın apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Aybəniz Əliyevanın apellyasiya şikayəti qismən təmin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü dəyişdirilib və onun barəsində qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Aybəniz Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Aybəniz Əliyeva 2009-cu ilin oktyabrında Bakını Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşadığı binaya bomba qoyulması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Aparılan araşdırmalar nəticəsində məlumat təsdiqini tapmayıb. Aybəniz Əliyeva Cinayət Məcəlləsinin 216-cı (terror barədə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31