Kəndçisini qətlə yetirən şəxs 12 il cəza aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Neftçala rayon sakini Ramil Məmmədovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ramil Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R.Məmmədov ötən il sentyabrın 2-də sərxoş vəziyyətdə tanışı Əfrayıl Nəcəfova məxsus VAZ-21011 markalı maşında bacısı oğlu azyaşlı İmaməddin və onun atası Qulam Cəfərovla gedərkən Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində, Ələkbər Əhmədovun evinin qarşısında rayonun Pirəbbə kənd sakini Afət Babaşov fit verərək maşını saxlatdırıb. Afət Babaşov salamlaşaraq ərkyana onun başına və boynunun arxasına əlini çəkib. Ramil bunu özünə qarşı təhqir kimi qəbul edərək Afəti söyüb. Əsəblərini cilovlaya bilməyən Ramil maşınında olan bıçağı götürüb A.Babaşova bir neçə xəsarət yetirib. Yaralı hadisə yerində dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31