Bakıda məktəbdə 3 qardaşı bıçaqlayanların məhkəməsi başladı
19 Dekabr 2012 17:14 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Bakı sakinləri Knyaz Knyazov və Emin Mirzəyevin işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə ittiham aktı elan olunub və təqsirləndirilən şəxslər ifadə verib. İş üzrə növbəti məhkəmə prosesi dekabrın 26-na təyin olunub.
İttihama görə, bu il martın 2-də saat 17:00 radələrində Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 5 saylı binanın qarşısında qəsəbə sakinləri Emin Mirzəyevlə Kamran Xamıyev arasında mübahisə baş verib. Emin Mirzəyev mobil telefonla dostu Cəfər Abbasova zəng vuraraq köməyə çağırıb, bir müddət sonra onların tanışları Cəfər Abbasov, Knyaz Knyazov, Anar, Hüseyn və İlkin adlı şəxslər hadisə yerinə gəliblər. Onlarla Kamran Xamıyev və onun qardaşları Orxan və Fərrux arasında baş vermiş münaqişə zamanı Knyaz Knyazov bıçaqla Orxan Xamıyevə çoxsaylı xəsarətlər yetirib.
Eyni zamanda Fərrux və Kamran Xamıyevlər də müxtəlif xəsarətlər alıblar. Orxan Xamıyev xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölüb, qardaşları Kamran və Fərrux isə xəstəxanaya yerləşdiriliblər.