Masallı dindarlarının işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq

Masallıdan olan dindarların işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məlumatı "Media forum" saytına dindar Araz Quliyevin vəkili Fariz Namazov verib.
Vəkil hüquqlarını müdafiə etdiyi Araz Quliyevin işi üzrə istintaq materialları ilə tanış olduğunu deyib: "Mən istintaq materiallarının yalançı dəlillərlə doldurulduğunu, hüquqlarını müdafiə etdiyim şəxsin təqsirləndirildiyi maddələr üzrə ittihamın sübuta yetirilmədiyini əsas gətirərək cinayət işinə xitam verilməsinə dair vəsatət qaldırmışam. Amma inanmıram ki, bu vəsatət qəbul edilsin. İstintaq materiallarında xeyli qanunsuzluq da aşkar etmişəm. Məhkəmədə bu haqda vəsatətlərlə çıxış edəcəm".
Dindarlar Namiq Kişiyev, Nicat Əliyev, Araz Quliyev, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev, Ziya Tahirov, Rza Ağalı sentyabrın 8-də Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərməkdə, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirməkdə günahlandırılır. İlkin rəsmi məlumata görə, dindarların işinin araşdırlması Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə başlanıb. Amma sonradan təqsirləndirilənlərə yeni ittiham qaldırılıb. Respubika Prokurorluğu bu barədə rəsmi məlumat yaymayıb.
İctimaiyyətə yalnız "Xeber44.com" saytının rəhbəri Araz Quliyevin ittiham olunduğu bütün cinayət maddələri bəllidir. Ona Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə ittiham irəli sürülmüşdü. Yeni ittihama görə, cinayət işindən 221.2.1-ci maddə götürülüb və əvəzində 5 maddə əlavə olunub: 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər).
Vəkil Fariz Namazovun sözlərinə görə, dindarlar qrup halında ittiham olunurlar: "İttiham aktında onlardan birinin üzərindən 1 kiloqram 700 qram narkotik maddə tapıldığı öz əksini tapıb".
İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31