Saxta pul kəsənlərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pullar hazırlama və satışı ilə məşğul olmaqda ittiham olunan Cəlilabad rayon sakini Səxavət İsmayılov, Bakı şəhər sakinləri Kamran Ələkbərov, Mirzəbala Ağayev, Bəhruz Bayramov və Yusif Məhəmmədovun məhkəməsi başa çatıb.
Publika.Az xəbər verir ki, hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Səxavət İsmayılov 9 il, Kamran Ələkbərov, Mirzəbala Ağayev, Bəhruz Bayramov və Yusif Məhəmmədovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, dəstə üzvləri metronun "Koroğlu" stansiyasının yaxınlığında 600 ədəd 100 manatlıq saxta əsginası 20.000 dollara satmaq istəyərkən saxlanılıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 204-cü (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə təqsirləndiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31