“Odnoklassniki”, qadın üstündə mübahisə və kütləvi bıçaqlaşma... - BİR CİNAYƏTİN TARİXÇƏSİ

Haqqında söhbət açacağımız qətl hadisəsi ötən ilin dekabr ayında baş verib. Bir neçə nəfərdən ibarət dəstə şəklində dalaşanlar arasında ölən də olub, yaralanan da... Bu olayı digər qətl hadisələrindən fərqləndirən cəhət isə odur ki, qanı tökülən də, qan tökən də həmin günə kimi bir-birlərinə tanımayıblar. Ümumiyyətlə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin bu mübahisəyə heç bir aidiyyatı olmayıb.
Сinayət işində adı hallanan Faiq Məmmədov "Odnoklassniki" sosial şəbəkəsində keçmiş nişanlısı İradə Bədəlovanın ünvanına daxil olub. Bu səbəbdən də Faiq və Natiq Məmmədov qardaşları ilə İradə Bədəlovanın əri Namiq Bədəlov, qardaşı Hilal Qasımov və qeyriləri ilə mübahisələri yaranıb.

27 dekabr 2011-ci ildə baş vermiş qarşılıqlı dalaşma Hilal Qasımovun, Namiq Bədəlovun və qohumları Orxan Aslanovun döyülməsi ilə başa çatıb.

Mübahisənin davamı olaraq, həmin gün saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 51 saylı yaşayış binasının yaxınlığında hər iki tərəfin gətirdikləri şəxslərin arasında yenidən baş vermiş qarşılıqlı dalaşma zamanı, mübahisədə iştirak edən Faiq və Natiq Məmmədov qardaşlarının tanışı Azər İsmayılov özündə olan bıçaqla Namiq Bədəlovu hədələyib. Elman Hacıbabayevə isə zərbələr endirməklə onu ağır yaralayıb.
Sözügedən mübahisənin Azər İsmayılova heç bir aidiyyatı olmamasına baxmayaraq, o, dava-dalaş zamanı əvvəllər tanımadığı mübahisə iştirakçısı İbrahim Yahyayevə bıçaqla xəsarət yetirib. Yaralı aldığı xəsarətdən dünyasını dəyişib.

"Şalvarının belinə bıçaq qoyduğunu gördüm"

Təqsirləndirilən şəxs qismində dindirilən Azər İsmayılov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilb. O, ifadəsində qaydasız döyüş idman növü ilə məşğul olduğunu, həbs olunduğu günədək həvəskar şəkildə idmanla məşğuliyyətini davam etdirdiyini göstərib:
"Nərimanov rayon polis idarəsinin yaxınlığında yerləşən gecə məktəbində oxumuşam. 2009-cu ildə məktəbi bitirdikdən sonra heç bir yerdə işləməmişəm. 2003-cü ildən etibarən qaydasız döyüş idman növü ilə məşğul oluram.
27 dekabr 2011-ci ildə sübh tezdən "Tofiq Bəhrəmov" adına stadiona getdim. Bir qədər qaçdıqdan sonra evə qayıdıb, yatdım. Həmin gün saat 14 radələrində evimizin yaxınlığında yerləşən "Çinar" marketin yanındakı həyətə çay içməyə getdim.
"Çinar" market yerləşən binanın həyətinə çatdıqda məhlə uşağı kimi tanıdığım Natiqin "VAZ 2105" markalı avtomobilinin arxa şüşəsinin sındığını gördüm. Natiq qardaşı Faiqlə birlikdə dayanmışdı. Onların əhval-ruhiyyəsindən nəsə baş verdiyini hiss etdim. Yaxınlaşmaq istədikdə Faiqlə Natiq "Başmaçok" dükanına tərəf getdilər. Mən də onların arxasınca getdim.
"Başmaçok" dükanın yaxınlığında "VAZ 21014" markalı boz rəngli avtomobil dayanmışdı. Həmin avtomobildən 5 nəfər əvvəllər tanımadığım oğlanlar düşdülər. Qabaq oturacaqdan düşən hündürboylu, idmançı bədən quruluşlu oğlanın şalvarının belinə bıçaq qoyduğunu gördüm. Avtomobildən düşən həmin şəxslər Natiqgilə yaxınlaşdılar. Onların arasına girib, məsələni söhbətlə həll etməyi təklif etdim. Natiqlə avtomobildən düşən şəxslərdən birinin ailə söhbəti etdiyini eşitdim. Belinə bıçaq qoyan oğlan Natiqin yaxasından tutaraq qarnına yumruq vurmağa başladı. Bundan əlavə avtomobildən düşən digər 4 nəfər Faiqlə bir-birlərini itələdilər.

"Kimsə başıma yumruqla vurdu"

Natiqlə mübahisə edən şəxsi aralaşdırdığım zaman kimsə başıma yumruq vurdu, bir an gözüm qaraldı, yerə yıxıldım. Daha sonra yumruq vuran oğlan bıçaq çıxardıb, məni vurmaq istədikdə sol əlimi qabağa uzadıb, özümü müdafiə etdim, əlim kəsilsə də, birtəhər bıçağı onun əlindən aldım. Bu vaxt kimsə mənə arxadan təpik vurdu. Arxaya döndükdə Faiqin yerdə uzandığını və onu döydüklərini gördüm. Özümü itirdiyim üçün əlimdə tutduğum bıçaqla Faiqi döyən şəxslərin üstünə getdim.

"Məqsədim onları qorxutmaq olub"

Məqsədim onları qorxudub, aralaşdırmaqdan ibarət olub. Faiqin üzünə təpik vuran şəxslərdən biri - şəxsiyyəti istintaq zamanı mənə məlum olan Namiq Bədəlov qaçdı. Əlimdəki bıçaqla Namiqi qorxudaraq onun arxasınca qaçdım. Daha sonra Namiqin hadisə yerindən aralandığını görüb, geri qayıtdım.
Geri qayıdarkən iki-üç nəfər şəxsin Natiqlə Faiqi döydüyünü gördüm. Əlimdə tutduğum bıçaqla sonradan adını bildiyim, üzü saqallı oğlana - Elman Hacıbabayevə yaxınlaşdıqda o, geri dönüb, sifətimə yumruq endirdi. Bıçağı görüb, qaçmaq istədikdə, arxadan Elmanın kürək nahiyyəsinə bir dəfə zərbə endirdim.

"Ona dedim ki, mənə yaxınlaşma"

Bundan sonra üstümə hündürboylu, əynində qara rəngli dəri gödəkcə olan oğlan, adını sonradan bildiyim İbrahim Yahyayev gəldi. İbrahimə dedim ki, mənə yaxınlaşmasın.
Buna baxmayaraq, İbrahim mənə yumruq atdı. Mən də bıçağı onun qarşısında sağa-sola fırlatdım. Bıçağı fırlatdığım zaman İbrahim əlini qarşıya verdiyi üçün sağ əli kəsildi. İbrahim qışqırdıqda bıçağın onun əlinə dəydiyini başa düşdüm.
Daha sonra İbrahim başıma yumruq vurdu. Mən də bıçaqla onun qarnına bir dəfə zərbə endirdim. İbrahim söyməyə başladı. Mən qaçıb, getdikdən sonra bıçağı yerə atdım. Tanımadığım taksiyə əyləşdim. Sol əlimdən möhkəm qan gəlirdi, gözüm qaralırdı. Taksidə əlimi cibimə atanda gördüm ki, telefonum yoxdur. Sürücü dedi ki, gəl, səni xəstəxanaya aparım. Amma istəmədim. Taksi sürücüsünə nə baş verdiyi demədim, yıxıldığımı, əlimi şüşə kəsdiyini söylədim. Taksi sürücüsü məni "Nizami" metrostansiyasının yaxınlığında yerləşən aptekin qarşısına gətirdi, dərman aldı. Həmin yerə yaxın olan birmərtəbəli həyət evinin qarşısına gətirdi, orada avtomobildən birlikdə düşdük, evə daxil oldüq.
Evdə tanımadığım bir nəfər əlimə keyidici iynə vurdu və yarama tikiş qoydu. Həmin adamlara nə baş verdiyini demədim. Heç öz adımı da söyləmədim. Təxminən 2 saat qeyd edilən evdə olduqdan sonra oradan çıxıb, "Tarqovu" ya getdim.

"Bıçaqla vurduğum oğlanın öldüyünü dedilər"

Artıq hava qaralmışdı. Əlim ağrıdığı üçün aptekdən ağrıkəsici alıb içdim. Sonra dəniz kənarına getdim. Bir az gəzindikdən sonra polisə könüllü təslim olmaq qərarına gəldim.
Nərimanov rayon polis idarəsinə gəlib, baş vermiş hadisəni etiraf etdim. Polis İdarəsinə gəldikdən sonra bıçaqla vurduğum hündürboylu oğlanın, yəni İbrahim Yahyayevin öldüyü məlum oldu".

"Oğlum idmançı idi"

Zərərçəkmiş şəxs qismində dindirilən Svetlana Yahyayeva ifadəsində oğlu İbrahimin həmin davaya dostu Orxan tərəfindən aparıldığını göstərib:
"Həyat yoldaşım Zakir Yəhyayevlə 1982-ci ildə ailə qurmuşam. Həmin nikahdan Ülkər, Dilşad adlı qızlarım və İbrahim adlı oğlum anadan olub. Böyük qızım 1-ci qrup əlildir. 1991-ci ildə həyat yoldaşım Zakir onkoloji xəstəlikdən vəfat edib. 1987-ci ildən Xətai rayonunda yerləşən 263 saylı orta məktəbdə "əmək" fənnindən dərs deyirəm.
Oğlum İbrahim Yahyayev güləş idman növü üzrə idmançı olub. İdman sahəsində müəyyən naliyyətlər əldə edib. Bundan əlavə, ali məktəbdə təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətini bitirib, Metropolitendə "tunel fəhləsi" kimi işə düzəlmişdi.

"Mənə oğlumun əməliyyatda olduğunu dedilər"

İbrahimlə mən işləyib, ailənı dolandırırdıq, ailəmizin maddi durumu ağır olub. 27 dekabr 2011-ci ildə İbrahim həmişə olduğu kimi səhər tezdən işdən evə qayıtdı. Həmin gün bazara getmişdim. Qızım Dilşadın dediyinə görə, İbrahim mənə hədiyyə almaq üçün şəhərə gedib.
Təxminən saat 15-16 radələrində qızım mənə zəng vuraraq xəstəxanadan zəng gəldiyini, İbrahimin yıxıldığını və ayağının sındığını dediklərini bildirdi. Dilşadla bərabər taksiyə minib, 1 saylı KTM-nə getdik. Oğlumun dostları Elvin və Elnur da orada idilər. Həkimlər oğlumun əməliyyatda olduğunu söylədilər.

"Çoxlu qan itirdiyindən elə xəstəxanadaca dünyasını dəyişdi"

Təxminən 15 dəqiqə keçdikdən sonra həkim mənə yaxınlaşaraq, oğlumun aldığı bıçaq yarasından öldüyünü dedi və meyitin 5 saylı xəstəxananın həyətindəki meyitxanaya göndərildiyini bildirdi. Oğlumun meyitini götürüb, dəfn etdik.
Sonradan mənə həmin gün Nərimanov rayon ərazisində kütləvi dava-dalaş düşdüyü, mübahisədə iştirak edən Azər adlı şəxsin oğluma bıçaqla xəsarət yetirdiyi və oğlumun qanaxmadan öldüyü məlum oldu.
Oğlumu dava-dalaşa onun tanışı Orxan aparmışdı. Orxan həmin gün oğluma zəng edərək döyüldüyünü bildirib və onu yaşadığı məhəlləyə çağırıb, oradan uşaqlarla birlikdə dava-dalaş baş verən yerə gediblər".

"Məsələni həll etmək üçün yenidən Faiqin yanına gedəcəyini dedi"

Zərərçəkmiş şəxs qismində dindirilən Elman Hacıbabayev ifadəsində mərhum İbrahimi təxminən iki il əvvəl tanıdığını göstərib:
"Hadisə baş verən gün günorta saatlarında İbrahimlə görüşdüm. Bu vaxt Orxan İbrahimə zəng vuraraq, dava-dalaş etdiyini bildirdi. Ona görə də, İbrahimlə birlikdə Orxangilin yaşadığı evin qarşısına gəldik. Orxanın sifətində xəsarət olduğunu görüb, onun döyüldüyünü başa düşdük. Orxan bizə bibisi qızının bir neçə il əvvəl Faiq adlı oğlanla nişanlı olduğunu, sonradan nişanı qaytardığını, daha sonra Namiq adlı şəxslə ailə həyatı qurduğunu bildirdi.
Bir neçə gün əvvəl Faiq internet vasitəsi ilə İradənin səhifəsinə baxıb, bununla əlaqədar Namiq, Hilal və Orxan Faiqin yanına söhbətə gediblər. Baş vermiş mübahisə zamanı Faiqin yanında olanlar Orxanı, Namiqi və Hilalı döyüblər. Orxan həmin söhbəti həll etmək məqsədi ilə yenidən Faiqin yanına gedəcəyini dedi.
Çox keçmədi ki, Orxanın qohumları Namiq və Hilal da gəldilər. Daha sonra Orxanın tanışı Rahib gəlib, çıxdı. Faiqgillə görüşmək üçün onların yanına getməyi qərara aldıq.
Mən, İbrahim, Namiq və Hilal avtomobillə getdik, Rahib tanımadığım 4 nəfər şəxslə öz avtomobili ilə gəldilər. Hadisə yerinə çataraq "Çinar" marketin qarşısında dayandıq. Hilal Faiqə zəng edərək, olduqları yeri bildirdi və onları gözləməsini tələb etdi. Bu zaman Natiq idarə etdiyi avtomobillə yaşadığı küçədən çıxdı. Namiq əl edərək Natiqən maşını saxlamasını istədi, lakin Natiq əhəmiyyət verməyərək Namiqin yanından keçdi.
Bu səbəbdən Namiq, Hilal və İbrahim Natiqin idarə etdiyi avtomobilin arxası ilə qaçmağa başladılar. Mən də Hilalın avtomobilindən düşən zaman onların qaçdıqlarını görüb, arxaları ilə yolu keçdim. Lakin Namiq və uşaqlar aralandığından onlara çata bilmədim. Rahib idarə etdiyi avtomobillə hadisə yerinə çatan kimi dörd nəfər şəxs düşdü, onlar da Namiqin arxası ilə qaçdılar. Rahib isə avtomobili saxlamağa yer tapmadığı üçün oradan uzaqlaşdı.

"Daha söhbət qurtarıb, çıxın gedin, söhbəti bağlayaq"

Bir neçə dəqiqədən sonra Namiq, Hilal, İbrahim və dörd nəfər tanımadığım şəxs "Çinar" marketin qarşısına gəldik. Faiq, qardaşı Natiq və yanlarında olan tanımadığım uşaqlarla birlikdə məhəllədən çıxaraq, bizim üstümüzə gəldilər.
İlk olaraq Faiqgil uşaqlarla birlikdə bizə yaxınlaşdılar. Faiqin yanında əvvəllər tanımadığım, istintaq zamanı adı mənə məlum olan hadisə zamanı məni və İbrahimi bıçaqla vuran Azər adlı şəxs də var idi. Faiq Hilala "Daha söhbət qurtarıb, çıxın, gedin, söhbəti bağlayaq" dedi.

"Azər arxadan məni bıçaqla vurdu"

Natiq Hilalın üstünə gələrək onunla acı danışmağa başladı və aralarında mübahisə yarandı. Bu zaman qarışıqlıq düşdü. Namiq, Hilal, İbrahim və onlarla gələn tanımadığım şəxslər Faiqi və Natiqi döyməyə başladılar. Mübahisə zamanı geri dönən zaman İbrahimin qarşı tərəfdən tanımadığım bir şəxslə əlbəyaxa olduğunu gördüm.
Həmin şəxsi İbrahimdən ayırmaq üçün İbrahimin belindən tutdum. Bu zaman belimdə sol tərəfdən istilik hiss etdim, geriyə dönərkən Azərin əlindəki bıçaqla arxadan məni vurduğunu gördüm. Sol əlimlə bıçağı tutdum. Azər bıçağı belimdən çıxartdıqda əlim kəsildi. Gözlərim qaraldı, yerə oturdum. Gözlərim qaraldığından və qulaqlarım tutulduğundan daha sonra nələrin baş verməsini xatırlamıram.

"Mübahisə zamanı heç kimi vurmamışam"

"Azadlıq" prospektində üzərində taksi işarəsi olan avtomobilə yaxınlaşdım, minməyə cəhd etdim, lakin avtomobilin sürücüsü imkan vermədi. Yolun əks istiqamətindən xatırlamadığım taksi avtomobilinə əyləşdim. Taksi məni Nəsimi rayonunda yerləşən Travmatologiya xəstəxanasına apardı. Hadisə zamanı Azər adlı şəxsin məni bıçaqla vurduqdan sonra İbrahimi də bıçaqla vurduğu, nəticədə İbrahimin aldığı bıçaq yarasından xəstəxanada öldüyü sonradan mənə məlum oldu. Məni Azər bıçaqla vurub. Ondan başqa heç kəsin əlində bıçaq görməmişəm. Eyni zamanda, Azərin İbrahimi hadisə yerində bıçaqla vurmasını görməmişəm. Mübahisə zamanı heç kimi vurmamışam. Ancaq İbrahimi əlbəyaxa olduğu şəxslərdən ayırmaq istəmişəm".
1989-cu ildə Bakı şəhərində anadan olan Azər İsmayılov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (xuliqanlıq) və 228.4-cü (qanunsuz silah gəzdirmə) maddələri ilə ittiham edilib. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Azər ismayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31