Şok: Azərbaycanda azyaşlı qız anasının verdiyi zəhəri başına çəkdi
Uşağın qardaşı isə zəhəri içməkdən imtina edib
21 May 2012 18:57 KriminalLənkəran şəhərində dəhşətli ailə faciəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 18-də Lənkəran rayonunun Qurumba kənd sakini 5 yaşlı Nərmin Həsənova öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Azyaşlı mayın 20-də orada ölüb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Milli.Az-a verilən məlumata görə, azyaşlı xəstəxanaya gətirilərkən şok vəziyyətində olub. Valideynlərinin verdiyi məlumata görə, N.Həsənova təsərrüfatda istifadə olunan ilbiz zəhəri içib. Anası bir stəkan zəhəri su əvəzinə azyaşlıya verib. Uşaq isə zəhəri başına çəkərək içib. Anası ilk olaraq zəhəri oğluna verib, lakin uşaq içməkdən imtina edib. Ananın zəhəri balasına bilərəkdən və ya ehtiyatsızlıqdan verməsi məlum deyil.
Hadisənin ehtiyatsızlıq, yoxsa cinayət olmasını dəqiqləşdirmək üçün Lənkəran Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Rayon prokuroru Natiq Abdullayev Milli.Az-a hadisə ilə bağlı ətraflı məlumat vermədi. Yalnız onu bildirdi ki, hadisə yeni baş verdiyindən dəqiq fikir söyləmək mümkün deyil. Hazırda araşdırma aparılır.