Naxçıvan prokurorluğu məlumat yayıb

Son zamanlar bir sıra qəzet və informasiya agentliklərində guya jurnalist və hüquq müdafiəçilərinin, həmçinin Azərbaycan Respublikası vətəndaşı Qurbanov Məmməd Məmməd oğlunun Sədərək Gömrük İdarəsində hücuma məruz qalmaları barədə qərəzli və həqiqəti əks etdirməyən məlumatlar yayılmışdır.İctimaiyyətin düzgün məlumatlandırılması üçün bildirilir ki, 2012-ci il dekabrın 8-də təxminən saat 1300-1400 radələrində Naxçıvan şəhər sakini Məmmədov Nadir Əli oğlu idarə etdiyi 85-CH-594 dövlət nömrə nişanlı "Ford-tranzit" markalı yük avtomobili ilə Türkiyə Respublikasından gətirdiyi 6715 manat dəyərində 2510 kq süd və süd məhsulları, 1248 manat dəyərində 100 kq müxtəlif qənnadı məhsulu, 1800 manat dəyərində 400 kq dondurulmuş balıq, 25 manat dəyərində 70 kq kartof və 500 manat dəyərində 500 kq duzu Sədərək Gömrük İdarəsinin buraxılış məntəqəsindən keçirərkən gömrük qanunvericiliyinin tələbinə uyğun olaraq həmin mallara aid müvafiq müşayiət sənədlərini təqdim etməmiş və dövlət rüsumunun ödənilməsini tələb edən gömrük əməkdaşlarına qeyd olunan sənədləri təqdim etməyəcəyini, dövlət rüsumunu ödəməyəcəyini bildirərək onlara qarşı zor tətbiq etməklə nalayiq hərəkətlərə yol vermişdir. N.Məmmədov cibindən çıxardığı bıçaqla Sədərək Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə bölməsinin rəisi vəzifəsində işləyən Həsənov Vüsal Heydər oğlunu xidməti vəzifəsini icra etməsi ilə əlaqədar vurmağa cəhd etmiş, lakin bu zaman Nadir Məmmədovu sakitləşdirməyə çalışan, gömrük nəzarəti zonasında fəhlə işləyən Mahmudov Siyafər Xudakərim oğlunun sol əl nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirmişdir.

Həmin vaxt hadisə yerinə özlərini "jurnalist" və "hüquq müdafiəçisi" adlandıran Elman Abbasov və İlqar Nəsibovla gələn Məmmədov Nadir Əli oğlunun qaynatası Qurbanov Məmməd Məmməd oğlu gömrük işçilərinə yaxınlaşaraq onlara müqavimət göstərmiş və Sədərək Gömrük İdarəsinin Yük şöbəsinin rəisi Şıxəliyev Namiq Məhəmmədəli oğlunu yumruqla vurmuşdur.

Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə Sədərək Rayon Prokurorluğunda cinayət işi başlanmışdır və istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31