Vətəndaşlara saxta viza düzəldən şirkət rəhbərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən "Euro-Azia-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifov və cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə təqsirləndirilən şəxslərə qarşı hökm oxunub. Məhkəmənin hökmü ilə  İlqar Yusifov 3 il müddətinə azadlıqdan məhrum edilib. M. Qasımov isə 2 il sınaq müddəti təyin edilməklə 8 il 6 ay müddətinə şərti  cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. İttihama görə,  "Euro-Azia-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifovun xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən rüşvət alması faktına görə baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, İlqar Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edib cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımov və qeyriləri ilə cinayət əlaqəsinə girərək viza almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alıb. İ. Yusifov həmçinin ayrı-ayrı şəxslərin heç bir yerdə işləmədikləri və banklarda şəxsi pul hesablarının olmamasına baxmayaraq, guya onların iş yeri və banklarda şəxsi hesablarının olmasına dair saxta arayışlar hazırlayaraq vəzifə saxtakarlığı törədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31