Bu il 93 hərbçi itirmişik
Müdafiə Nazirliyinin 19 hərbçisi intihar edib
11 Dekabr 2012 10:53 Kriminal"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri barədə kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə "OLAYLAR"a mərkəz rəhbəri Cəsur Sumərinli məlumat verib. Məlumatda bildirilir ki, 2012-ci ilin geridə qalan dövründə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 93 hərbçi həlak olub. Ötən müddətdə 86 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 3-ü mina, 1-i əməliyyat, 74-ü isə qeyri-döyüş itkiləridir: " 8 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 15 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 10 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 13 nəfər xəstəlikdən dünyasını dəyişib. 19 nəfər intihar edib. Dünyasını dəyişənlərin 81-i Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 4-ü Daxili Qoşunların, 2-si Milli Təhlükəsizlik Nazirliyinin, 1- isə Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularıdır".
Yaralılara və xəsarət alanlara gəlincə onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-i intihara cəhddən, 13-ü erməni gülləsindən, 11 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 8-i bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma, yanma), 3-ü əməliyyat tədbirlərindən, 34-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 79 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Daxili Qoşunların hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıb.