Daha bir bələdiyyənin vəzifəli şəxslərinə qarşı cinayət işi açıldı
8 Dekabr 2012 13:04 KriminalKürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş materiallar araşdırılıb.Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2007-2009-cu illərdə 23,5 ha torpaq sahəsi bələdiyyə iclasının qərarı olmadan qanunsuz olaraq icarəyə verilib.Bundan başqa, bələdiyyə xəzinəsindən 4 min 766 manat məbləğində pul vəsaiti müvafiq sənədləşmə aparılmadan silinib. Qeyd edilən dövr ərzində "Anar" firmasından yanacaq-sürtgü materiallarının alınması barədə saxta sənədlər tərtib edilməklə bələdiyyə büdcəsindən 1009 manat məbləğində vəsait də qanunsuz olaraq məxaric edilib.Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.