“Eurovision” terroçularına hökm oxundu
3 Dekabr 2012 16:16 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakıda terror aksiyalarını törətməyə cəhddə ittiham olunan mütəşəkkil dəstənin üzvləri-Kamal Yaqubov, Rəşad Şahbazov, Rəcəb Abbasov, Afiq Allahverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Kamal Rəcəbov 14 il, Rəşad Şahbazov 13 il 6 ay, Rəcəb Abbasov 12 il, Afiq Allahverdiyev 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Kamal Rəcəbov Cinayət Məcəlləsinin (CM) 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə, Rəşad Şahbazov CM-nin 274, 29,214.2.1, 29,214.2.3-cü maddələri ilə, Rəcəb Abbasov CM-nin 206.4, 228.1, 228.3-cü maddələri ilə, Afiq Allahverdiyev CM-nin 228.1, 228.3, 228.4, 234.4.2, 234.4.3-ci maddələri ilə ittiham edilirlər.
Kamal Rəcəbov, Rəşad Şahbazov, Rəcəb Abbasov və Afiq Allahverdiyev "Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakıda terror aktı törətməkdə təqsirli bilinərək Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar. İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər "İran İslam İnqilabı Keşikçiləri Korpusu" - SEPAH-la əməkdaşlıq etməyə cəlb olunublar. SEPAH-ın əməkdaşlarından təlimat alan təqsirləndirilən şəxslər "Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakının müxtəlif ərazilərində partlayışlar törətmək, vətəndaşlar arasında vahimə yaradan hadisələr törətməyi planlaşdırıblar. Lakin Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi uğurlu əməliyyat nəticəsində törədilməsi planlaşdırılan partlayışların qarşısı qətiyyətlə alınıb.
Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi Eurovision-2012" müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirmiş, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvləri ayrı-ayrı icraatlarda cinayət işləri məhkəmələrə göndərilib.