Daxili İşlər Nazirliyində kollegiya iclası: yeni rəqəmlər açıqlandı
28 Noyabr 2012 15:49 KriminalDaxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, noyabrın 27-də "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi", "Polis sahə rəislərinin və sahə inspektorlarının fəaliyyətinin təşkili", "Cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması" sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəisi Emin Şəkinski deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə axtarış işinin göstəriciləri 58 faizdən 60,4 faizədək yüksəlib, axtarılanların ümumi sayı 2,2 faiz, axtarışda qalanların sayı isə 7,8 faiz azalıb: "Axtarışda olan 1740 şəxs tutulub, MDB ölkələrinin hüquq mühafizə orqanlarının axtardığı 166 nəfərin yeri müəyyən edilib".
"Polis sahə rəislərinin və inspektorlarının fəaliyyətinin təşkili sahəsində görülən işlərin vəziyyəti" haqqında məruzə ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov çıxış edib. O deyib ki, 2012-ci ildə açılması təmin edilmiş 13.720 cinayətin 70 faizi, o cümlədən 81 qəsdən adam öldürmə, 198 qəsdən sağlamlığa ağır zərər vurma, 1.614 oğurluq, 671 dələduzluq, 113 soyğunçuluq, 69 quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1.231 cinayətin açılmasında, eləcə də axtarışda olan təqsirləndirilən şəxslərdən 52,6 faizinin tutulmasında polis sahə rəislərinin və polis sahə inspektorlarının iştirakı olub.
Gündəlikdəki üçüncü məsələdən danışan Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi Emil Usubov qeyd edib ki, cari ilin 9 ayında polis orqanlarına daxil olmuş 70621 cinayət xarakterli məlumat araşdırılıb ki, onların da 86 faizi təhqiqatçıların icraatında olub: "2011-ci ilin anoloji dövrü ilə müqayisədə icraatda olan materialların sayı ötən 9 ayda 30 faizədək, müvafiq məsələ ilə bağlı nazirliyə ünvanlanan şikayətlərin sayı 4 dəfə və ya 3987 fakt azalıb".