Oğurluğun üstünün açılmasını oğruya tapşırıblar
28 Noyabr 2012 12:43 Kriminal"Qafqazinfo"ya müraciət edən Sabirabad rayon sakini, Nizamikənd orta məktəbinin müəllimi Şahlar Cəbrayılov rayonda baş verən qanunsuzluqlarla bağlı şikayət edib.
Ş. Cəbrayılov bildirib ki, oktyabrın 22-si və noyabrın 12-də Prezident Administrasiyasına, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Baş nazirə şifarişli ərizələr yazıb: "Həmin qurumlardan mənə cavab da gəlib və ərizəni aldıqlarını təsdiqləyiblər" .
Şikayətçi qeyd edib ki, ərizənin yazma səbəbi kənd icra nümayəndəsi Müslim Rzayevin əkilməyən torpaqları əkilən kimi göstərməsi və ildə iki dəfə yanacağa ayrılan pulu mənimsəməsidir: "Kənddə elə torpaq sahələri var ki, bəlkə 20 ildir həmin ərazilər şumlanmır, amma rayonun icra nümayəndəsi bu torpaqları əkilib-biçilən ərazi kimi qeyd edir" .
Ş. Cəbrayılovun sözlərinə görə, M. Rzayevin qanunsuz əməlləri bununla kifayətlənmir: "Müslim Rzayev bir neçə şəxsin ünvanlı sosial yardım pullarını da mənimsəyib. Kənd sakini Fariz Məlikovun 1 illik təxminən 2400 manatını, digər kənd sakininin isə təxmin 5000 manatını mənimsəyib" .
Şikayətçi qeyd edib ki, bütün bu qanunsuz işlərin aparıcı qüvvələri Ərazi idarəetmə şöbəsinin müdiri Umud Həsənovla Aqrar məsələlər şöbəsinin müdiri Heydər Yaqubovdur: "Umud Həsənov 70 yaşını haqlamış olsa da qanunsuz işləri məharətlə gördüyü üçün hələ də vəzifəsində saxlanılır. Mən ərizəmdə xüsusi olaraq vurğulamışdım ki, şikayət ərizəsinə baxış Sabirabad rayonuna yox, başqa əraziyə yönəldilsin, çünki burada ərizəyə baxan yoxdur. Oğurluğun üstünün açılmasını oğruya tapşırıblar. Onlar da bu korrupsiya faktlarını açmırlar. Mən istəyirəm ki, bütün bu qanunsuzluqlar aradan qaldırılsın və həmin şəxslərlə bağlı müvafiq
tədbirlər görülsün" .