Söyün Sadıqov çox şübhəli reputasiyaya malik bir şəxsdir
“O, sifarişlə Rusiyanın müəyyən maraqlarını yerinə yetirir”
26 Noyabr 2012 15:59 Kriminal"Heç kim Söyün Sadıqova səlahiyyət verməyib ki, kimlərləsə görüşsün və saziş imzalasın. Söyün Sadıqov çox şübhəli reputasiyaya malik bir şəxsdir. O, ümumiyyətlə Azərbaycan vətəndaşı deyil və onun doğru-dürüst hansı ölkənin vətəndaşı olduğu bilinmir". Bunu millət vəkili Musa Quliyev Rusiya Azərbaycanlıları Təşkilat İttifaqının (RATİ) təsisçilərindən olan Söyün Sadıqovun Rusiyada fəaliyyət göstərən erməni diasporu ilə əməkdaşlıq sazişi imzalamasına münasibət bildirərkən dilə gətirib. Millət vəkili əlavə edib ki, diaspor məsələsi ilə özfəaliyyət səviyyəsində məşğul olmaq olmaz. Bu məsələ Azərbaycan dövləti və onun müvafiq orqanları ilə koordinasiya şəklində həyata keçirilməlidir: "Erməni diasporu və icması ilə müəyyən təmaslar həyata keçirilir və bu prosesdə iştirak edən şəxslərdən biri də hörmətli deputat həmkarımız, Dağlıq Qarabağın Azərbaycanlı icmasının üzvü Rövşən Rzayevdir. Bununla belə, görünür S.Sadıqov Rusiyanın müəyyən maraqlarını və həmin maraqlar üzərində qurulan layihələri, sifarişləri yerinə yetirir. Ancaq o bilməli və unutmamalıdır ki, onun bu cür anti-Azərbaycan yönəlik addımları ona başucalığı gətirmir və sonunda zərəri onun özünə dəyəcək".