MTN narkodəstəni ifşa etdi

213 kiloqram narkotika tutuldu

Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilmiş, onlardan ümumilikdə 213 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Belə ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində "İran - Azərbaycan - Rusiya" marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ifşa edilmişdir. Əməliyyat tədbirləri zamanı Moskva şəhərində Rusiya Federasiyasının 3 vətəndaşı saxlanılmış, onlardan 209 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür. Faktla bağlı Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi başlanmışdır.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları saxlanılmış, onlardan 2 kiloqram 741,5 qram heroin aşkar edilərək götürülmüşdür
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Sadıqova Kəmalə Məhərrəm qızı, Sadıqova İlhamə Məhərrəm qızı, Sadıqova Təranə Məhərrəm qızı və Süleymanov Aslan İsmayıl oğlu ifşa edilmişlər. Məlum olmuşdur ki, adları çəkilən şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Səfər adlı vətəndaşı cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda heroini İran istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirmişlər.
Qrupa məxsus 1 kiloqram 970 qram heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirləri davam etdirilərək qrupun digər üzvləri Kəmalə və Təranə Sadıqovalar da saxlanılmışlar.
Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31