Binəqədinin sabiq hərbi komissarına hökm oxunub

Məhkəmə Binəqədi rayonunun sabiq hərbi komissarına 8 il 6 ay iş verib.
Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və onlara hökm elan olunub.
Məhkəmənin hökmü ilə Ağabəyov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Muxtarova isə 4 il sınaq müddəti ilə 8 il 6 ay şərti cəza verilib. Xatırladaq ki, adıçəkilən şəxslər ötən ilin aprelində həbs olunub. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.
Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31