Köməksiz qalmış qadın xilas edilib
22 Noyabr 2012 18:14 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1949-cu il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən qadın otaqda yıxılmış vəziyyətdə aşkarlanıb. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.