Azərbaycanda 2 avtomobil toqquşdu, 3 nəfər ağır yaralandı

Astarada əlverişsiz hava şəraitində düzgün sürət həddi seçməyən sürücü yol qəzası törədib.

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, nəticədə, sürücü özü ilə yanaşı, 2 nəfəri də xəstəxanalıq edib. Kənd sakinləri isə qəzanın baş verməsini yolun ensiz və çala-çuxurluolması ilə əlaqələndirirlər.Hadisə Ələt-Astara magistralının 219 km-ində, Astara rayonunun Telman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayon Siyəkü kənd sakini 29 yaşlı Rövşən Əkbərov idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla Lənkəran istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Lənkəran rayonu Vilvan kənd sakini 51 yaşlı Hüseynağa Əliyevin idarə etdiyi "VAZ 2106" markalı avtomaşınla toqquşub. Toqquşma o qədər güclü olub ki, zərbədən "VAZ 2106" markalı avtomaşın yoldan çıxaraq yol kənarındakı su arxına düşüb. Nəticədə hər iki avtomaşının sürücüsü, eləcə də "VAZ 2107" markalı avtomaşında olan sərnişin, Siyəkü kənd sakini, 38 yaşlı Kamil İrşadov, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayonundakı xəstəxanaya çatdırılıblar. Hər iki avtomaşın isə yararsız hala düşüb.Hadisə yerində olan DYP əməkdaşlarının sözlərinə  görə, ilkin versiyada qəzaya səbəb "VAZ 2107" markalı avtomaşının hava şəraitindən düzgün istifadə etməməsidir. Kənd sakinləri isə deyir ki, rayonun əsas magistralında çala-çuxurların olması belə qəzaların baş verməsinə şərait yaradır. Onların sözlərinə görə idarə etdikləri avtomobillərini maksimum dərəcədə belə çala-çuxurlardan qaçırmağa can atan sürücülər bu zaman qarşı tərəfin yoluna çıxır və qəza qaçılmaz olur.Hər halda, artıq baş verən qəza ilə bağlı araşdırmalara başlanılıb. Araşdırmaların yekununda qəzanın dəqiq baş vermə səbəblərinə aydınlıq gətiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31