Prezidentə təkliflər necə qarşılanır?
20 Noyabr 2012 18:01 KriminalBu ay Bakı sakini Mənsim Mənsimovun həyat yoldaşı Zemfira Mənsimovanı və qızı Sevinc Mənsimlini qətlə yetirməsi ölkədə böyük rezonans doğurdu.Bir qrup hüquq müdafiəçisi və ziyalı prezident İlham Əliyevə müraciət edərək qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması üçün tədbirlər görülməsini istəyiblər. Onlar məişət zorakılığı ilə mübarizə üzrə xüsusi polis qurumunun yaradılmasını; qadın polislərin sayının artırılmasını; televiziyalarda qadınların məlumatlandırılması üçün sosial reklam çarxlarının pulsuz yayımlanması üçün imkanlar yaradılmasını; qadınlara qarşı zorakılığın qarşısının alınması üçün ciddi cəzaların müəyyənləşdirilməsini təklif edirlər."Media forum" saytı bu təkliflərə hüquq müdafiəçisinin, psixoloqun və media ekspertinin rəylərini öyrənib.Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu məsələyə ciddi ictimai nəzarət olmalıdır: "Azərbaycanda qadın zorakılığı ilə bağlı qanun qəbul olunsa da, qanunun icra mexanizmi hələ də yoxdur. Bu mexanizmi qadın hüquqlarını müdafiə edən təşkilat və komitələr tərtib etməlidir. Bundan sonra parlament hansı işin hansı quruma aid olduğunu müəyyənləşdirər.
Azərbaycanda 150-yə yaxın qadın təşkilatı fəaliyyət göstərir. Onların koalisiyası yaradılmalıdır.Məncə, qadın polislərin artırılması problemin həllində önəmli rol oynamayacaq, kişilər onlardan qorxmaya bilər. Türkiyədə olduğu kimi, bizdə də bu iş bələdiyyələrin səlahiyyətinə verilməlidir. Çünki qadınlar polis idarələrinə getməyə qorxurlar. Bu mexanizmin işləməsi üçün maarifləndirmə prosesi getməlidir. Televiziyalar da buna cəhd etməlidir. Təəssüflər olsun ki, proqramlar bu cür zorakılıq hadisələrini sosial problem kimi yox, reytinq naminə işıqlandırırlar".
Psixoloq Dəyanət Rzayev bildirib ki, son dövrlər psixopatların sayı artıb: "Psixopat nə özü yaşayır, nə ətrafındakıları yaşamağa qoyur. İnsanlar onları ruhi xəstə adlandırır. Halbuki bu, düzgün diaqnoz deyil. Belə şəxsləri mütləq müalicə etdirmək lazımdır. Bunun üçün təkcə qohumlar yox, qonşular, yaxınlar da, dövlət qurumları da səy göstərməlidirlər. Hər kəs öz vəzifə və vətəndaşlıq borcunu normal yerinə yetirsə, bu cür problemlər aradan qalxar. Qadınlar polisə də müraciət etmirlər, düşünürlər ki, bu, mentalitetə uyğun deyil. Həm də qorxurlar ki, ərlərini həbs edərlər. Təəssüf ki, bizdə "Polis mənim dostumdur" anlayışı yoxdur. Halbuki bir çox situasiyalarda ən düzgün seçim məhz polisə müraciət etməkdir. Televiziyalar da bu məsələyə daha çox zaman ayırmalı, mütəxəssislərin iştirakı ilə ictimai müzakirələr təşkil etməlidirlər.Elmin, texnikanın sürətli inkişafı insanların psixikasının yeniliklərə adaptasiyası problemini yaradır. Bu problem genetik səviyyədə həll olunmalıdır ki, insanlar yenilikləri normal qəbul edə bilsinlər. İndiki həyat şərtləri insanlarda stress yaradır, onlar haqsızlıqlara dözə bilmirlər və sonda psixikanın pozulması baş verir. Buna sosial psixiatriya deyilir. Təəssüf ki, bizdə bu anlayış inkişaf etməyib. Məişət zorakılıqlarının qarşısını almaq üçün sosial xidmətləri gücləndirmək lazımdır. Bu işə həkimləri, psixoloqları, psixoterapevtləri, pedaqoqları, sosioloqları cəlb etmək lazımdır".Media hüquq eksperti Xalid Ağaliyev bildirib ki, Azərbaycanda media azadlığı problemi var: "Dövlətdən maliyyələşən telekanallar ictimai önəm daşıyan problemlərlə bağlı sosial reklamlar yaymalıdırlar. Bu tip reklamların yoxluğu teleradio sənayesinin müstəqil olmamasından irəli gəlir. Doğrusu, mən inanmıram ki, prezidentə müraciətdən sonra televiziyaların işində ciddi dəyişikliklər olacaq. Televiziyalar dövlət basqısı altında qaldıqca biz istədiyimiz proqramları və reklamları efirlərdə görə bilməyəcəyik. Yayım sənayesinə sərbəstlik verilməlidir".Xalid Ağaliyev Azərbaycandakı bütün telekanalların ciddi senzura altında fəaliyyət göstərdiyini vurğulayıb: "Onlar özlərinin yox, hakimiyyətin istəyinə uyğun proqramlar hazırlamaq məcburiyyətindədirlər. Çünki dövlətdən asılıdırlar. Bu asılılıq olduqca teleməkanda irəliləyişlər olması qeyri-mümkündür. Hər bir qurum müstəqil olmalıdır ki, ictimai tələbata cavab verə bilən verilişlər, tok-şoular, teleseriallar, filmlər hazırlaya bilsin. Ancaq bu durumda onlar geniş tamaşaçı auditoriyası yığa bilərlər".