1 milyon manat mənimsəyən DSMF-nin Suraxanı qruplaşmasının şikayəti rədd edildi

Mütəşəkkil dəstənin cəzası yüngülləşmədi

Bakı Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin sabiq müdiri Səfər Hüseynov, qurumun digər əməkdaşları Kərim Muradov, Hikmət Şirinov, Dunay Şirəliyev, Mayisə Qurbanova, Elnarə Hüseynova, Mehparə Əliyeva, Təranə Cavadova, Sevda İsmayılova, Tükəzban Kərimova, Kamilə Hüseynova və Akif Sərkərovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin edilməyib.
İttihama görə, Səfər Hüseynov Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra edərkən həmin şöbənin bir sıra vəzifəli şəxsləri ilə öncədən əlbir olub cinayət əlaqəsinə girib. O, əvvəllər həmin şöbədən müavinət almış və müavinətin alınma müddəti bitmiş vətəndaşların şəxsi hesablarını bağlamayıb. Həmin hesablardan istifadə etməklə, qeyd edilən şöbədən əmək pensiyası və əlilliyə görə pensiya alan şəxslərin adlarını başqa hesablara da daxil etməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməklə onların bank hesablarına ödəniş reyestrləri ilə pul vəsaitlərini köçürüb bankomatlardan plastik kartlarla ələ keçirib...
Səfər Hüseynov və digər şəxslər həmçinin vəfat etmiş şəxslərin dəfn xərclərinə görə artıq pul vəsaiti hesablayaraq, onların hesablarına 1 milyon 9.740 manat məbləğində vəsait köçürməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talayaraq dövlət mənafeyinə mühüm zərər vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər Hüseynov 11 il, Kərim Muradov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən digər təqsirləndirilənlər Hikmət Şirinov, Dunay Şirəliyev, Mayisə Qurbanova, Elnarə Hüseynova, Mehparə Əliyeva, Təranə Cavadova, Sevda İsmayılova, Tükəzban Kərimova, Kamilə Hüseynova və Akif Sərkərov şərti cəza alaraq, azadlığa buraxılıblar.
Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində məhkəmədən daha yüngül cəzanın təyin edilməsini xahiş ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31