Narkotika və silah alverində təqsirləndirilən ilahiyyatçı məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotika alveri, silah saxlamaq və digər ağır cinayətlərdə ittiham olunan  ilahiyyatçı Abgül Süleymanovun cinayət işi üzrə məhkəmə başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.Məhkəmə baxışı mayın 30-na təyin edilib.Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan A.Süleymanov 2011-ci ilin avqust ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 283.2.1 (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31