Bu il orduda 18 nəfər intihar edib
10 ay 20 günə 87 hərbçi itirmişik
20 Noyabr 2012 10:15 Kriminal"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 2012-ci ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri barədə növbəti monitorinqin nəticələrini açıqlayıb. Bu barədə "OLAYLAR"a mərkəzin rəhbəri Cəsur Sumərinli məlumat verib. Təşkilat sədri bildirib ki, rəhbərlik etdiyi qurumun kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən bu ilin ötən müddətində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 87 nəfər olub. Ötən müddətdə 79 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 3-ü mina, 1-i əməliyyat, 68-i isə qeyri-döyüş itkiləridir: " 7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 14 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 10 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 10 nəfər xəstəlikdən dünyasını dəyişib, 18 nəfər intihar edib. Dünyasını dəyişənlərin 77-si Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 4-ü Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alan 79 nəfərdən isə 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 1-i intihara cəhddən, 13-ü erməni gülləsindən, 7 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 8-i bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma, yanma), 3-ü əməliyyat tədbirlərindən, 32-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 72 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Daxili Qoşunların hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.